Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
21.01.2022 10:54
Filarmoniyada şəhidlərin xatirəsinə həsr olunan musiqi axşamı1990-cı ilin qanlı 20 yanvar gecəsindən 32 il ötür. Hər il olduğu kimi, bu il də faciə qurbanlarının əziz xatirəsi yad olunur, müxtəlif tədbirlər, anım mərasimləri təşkil edilir. Yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar şəhidlərinin əziz xatirəsinə həsr olunmuş musiqi axşamı keçirildi. Anım mərasimində mədəniyyət naziri Anar Kərimov, mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak edirdi. Konsertdən öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Daha sonra konsert proqramı təqdim edildi. Konsert proqramında Azərbaycan bəstəkarlarının yaradıcılığından vətənpərvərlik ruhu aşılayan musiqi nümunələri yer almışdı. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (bədii rəhbər və baş dirijor: Xalq artisti Rauf Abdullayev) ilk olaraq Azər Rzayevin “Bakı 90” simfoniyasını ifa etdi. Sonra Aqşin Əlizadənin “Babək” baletindən fraqmentlər və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Adajio” orkestr tərəfindən böyük məharətlə səsləndirildi. Konsert proqramı Azərbaycan Dövlət Xor Kapellasının (bədii rəhbər: Xalq artisti Gülbacı İmanova) ifasında Qara Qarayevin “Zamanın bayraqdarı” əsərinin səsləndirilməsi ilə başa çatdı. Anım gecəsində təqdim olunan musiqi əsərləri 32 il öncə ərazi bütövlüyümüz, suverenliyimiz uğrunda canından keçən Vətən övladlarının unudulmaz xatirəsinə ehtiramın ifadəsi idi. ..
21.01.2022 10:40
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edilibMədəniyyət naziri Anar Kərimov və nazirliyin kollektivi 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ölkəmizin azadlığı uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad olunub. ..
19.01.2022 18:23
Əməkdar artist Teymur Əmrah Fəxri fərmanla təltif olunduYanvarın 19-da mədəniyyət naziri Anar Kərimovun əməkdar artist, tanınmış müğənni Teymur Əmrahın 50 illik yubileyi münasibətilə imzaladığı Fəxri Fərman sənətkara təqdim olunub. Əməkdar artistə mükafatı İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova təqdim edib.  Sevilən sənətkara mədəniyyət nazirinin ən xoş arzularını çatdıran F. Acalova ona gələcək fəaliyyətində uğurlar azulayıb. ..
19.01.2022 13:32
Özbəkistanda tanınmış yazıçımız Əzizə Cəfərzadəyə dair “Aləmdə səsim var mənim” adlı layihə həyata keçirilirÖzbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, xalq yazıçısı, ədəbiyyatşünas alim,  professor, ictimai xadim Əzizə Cəfərzadənin yaradıcılığının Özbəkistanda təbliği və tanıdılması məqsədi ilə “Aləmdə səsim var mənim” adlı layihəyə start verilib. Azərbaycan ədəbiyyatında mühüm yer tutan, Azərbaycan tarixinin ayrı-ayrı dövrlərində baş vermiş hadisələr, görkəmli şəxsiyyətlərin parlaq həyatını öz əsərlərində işıqlandıran görkəmli yazıçı Əzizə Cəfərzadənin 100 illik yubileyi münasibəti ilə tədbirlər keçiriləcəkdir. “Aləmdə səsim var mənim” adlı layihə əsasında Əzizə Cəfərzadə yaradıcılığına dair Özbəkistanda tədqiqat əsərlərinin və yaradıcı məqalələrin hazırlanması, tanınmış yazıçının  yaradıcılığına dair Özbəkistanın sayt, qəzet və jurnallarında silsilə məqalələrin dərc edilməsi, habelə Əzizə Cəfərzadəyə dair Wikipedia.org Beynəlxalq Elektron Ensiklopediyasında  Özbək dilində xüsusi bölmənin yaradılması nəzərdə tutulub. Bölmədə tanınmış yazıçının həyatı, yaradıcılığı, əsərləri, mükafatları haqqında məlumatlar yer alacaqdır. Bundan başqa, Azərbaycan Mədəniyyət Mərkəzinin sifarişi ilə tarixi əsərlər müəllifi Əzizə Cəfərzadənin “Bakı 1501” romanı Özbək dilinə tərcümə layihəsi həyata keçirilir. Əsər Özbək dilinə tərcüməçi-alim Rüstəm Cabbarov tərəfindən çevrilir. Mədəniyyət Mərkəzi sözügedən əsərin Özbəkistanda nəşrini planlaşdırır. Azərbaycan Mədəniyyət Mərkəzi bu il Daşkənddə görkəmli yazıçı, tarixi əsərlər müəllifi tanınmış ədəbiyyatşünas alim Əzizə Cəfərzadənin yaradıcılığına dair “Aləmdə səsim var mənim” adlı  Azərbaycan-Özbəkistan birgə beynəlxalq konfransın da keçirilməsini nəzərdə tutur. Beynəlxalq konfransda hər iki ölkənin, o cümlədən Türk dünyasının tanınmış ədəbiyyat xadimlərinin, yazıçılarının iştirakı nəzərdə tutulur. ..
18.01.2022 17:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi“Şuşa İli” fəaliyyətimizin ana xəttini təşkil edəcək Yanvarın 17-də Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirildi. “Zoom” proqramı vasitəsilə onlayn təşkil edilən iclasa nazirliyin rəhbərliyi və tabe müəssisələrin rəhbərləri qatılmışdı. Mədəniyyət naziri Anar Kərimov iclası açaraq iştirakçıları salamladı və 2021-ci ildə nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış etdi.   İncəsənət və qeyri-maddi mədəni irs Anar Kərimov incəsənət və qeyri-maddi mədəni irs sahəsi üzrə həyata keçirilən layihələrdən söz açaraq dövlət başçısının sərəncamı ilə qeyd olunan yubileylər haqqında məlumat verdi. Bildirildi ki, Aşıq Ələsgərin 200, Mikayıl Abdullayev, Kamil Əliyev və Cahangir Cahangirovun 100 və digər yubileylərlə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub.  Bundan əlavə, il ərzində Vətən müharibədə Zəfərimizin ildönümü münasibətilə yaradıcılıq müsabiqələri keçirilib. Bəstəkarlar İttifaqı ilə birlikdə bəstəkarlıq müsabiqəsində həm gənc, həm də orta nəsil bəstəkarlar fəal iştirak ediblər. “4.4” Qısa Tamaşalar Festivalında dövlət və özəl teatrlar, eləcə də regionlarda fəaliyyət göstərən teatr kollektivləri yaradıcılıq nümunələrini ortaya qoyublar. Noyabrda 10 gün ərzində Zəfərimizin ildönümü münasibətilə sənətin müxtəlif sahələrini əhatə edən tədbirlər reallaşıb. Ədəbiyyat və incəsənət xadimlərinin əlamətdar yubileyləri münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayında  konsertlər təşkil olunub. İl ərzində “Mədəni yenilənmə” layihəsi çərçivəsində xaricdə yaşayan yaradıcı soydaşlarımızın iştirakı ilə ustad dərsləri və görüşlər keçirilib. Layihənin bu il də davam etdirilməsi nəzərdə tutulur.   Muzey və qalereyalar Muzey və qalereyaların fəaliyyəti barədə danışan nazir bildirdi ki, nazirliyin tabeliyində 133 muzey və 59 Heydər Əliyev Mərkəzi var. Bu məkanlarda ötən il müxtəlif sərgilər keçirilib, tədbirlər təşkil olunub. Diqqətə çatdırıldı ki, il ərzində “British Council” ilə muzey işində inklüzivlik üzrə birgə layihələr həyata keçirilib. Eyni zamanda görkəmli rəssamlar Mikayıl Abdullayev və Kamil Əliyevin 100 illik yubiley sərgiləri keçirilib. Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi, Milli Xalça Muzeyi tərəfindən “Qarabağın xalça xəritəsi” layihəsi əsasında Zəfər xalçasının kəsimi gerçəkləşib. İl ərzində aparıcı qalereyalar tərəfindən uşaq və gənclərin yaradıcılığının inkişaf etdirilməsi, həmçinin əlamətdar tarixi hadisə və yubileylərlə bağlı müxtəlif müsabiqə, sərgi və plenerlər keçirilib.   Mədəni irsin qorunması Mədəni irsin qorunması və bərpası sahəsində görülən işlərdən söz açan Anar Kərimov nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti tərəfindən qoruqlarda aparılan işləri diqqətə çatdırdı. Dedi ki, ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib. Bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir. Eyni zamanda Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib.   “Nizami ili”: ölkəmizdə və xaricdə Dövlət başçısı tərəfindən ölkəmizdə elan edilən “Nizami ili” çərçivəsində Azərbaycanda və xaricdə 100-dən artıq tədbirin təşkil olunduğunu bildirən nazir vurğuladı ki, TÜRKSOY və UNESCO-da dahi Nizamiyə həsr edilən tədbir və sərgilər böyük şairin irsinin təbliğində mühüm addımlar idi. Qeyd olundu ki, ötən “Nizami ili”nə həsr olunan VII Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 40-dan çox xarici təşkilat və nəşriyyat iştirak edib. Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında “İşıq festivalı” adlı audiovizual layihə həyata keçirilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizaminin 880 illik yubileyi qeyd olunub. Bundan əlavə, Bakıda və Nizaminin yurdu Gəncədə beynəlxalq festival təşkil olunub. Bu festival çərçivəsində Bakıda 5 ölkədən 40-dan çox nizamişünasın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Forumu təşkil edilib. İl ərzində dahi şairin “Xəmsə”sinin nəşri də həyata keçirilib.      Kitab işi Bildirildi ki, Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaların fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi diqqətdə saxlanılıb. “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiya” həyata keçirib. Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 60 mindən çox kitab toplanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində vətənpərvərlik mövzusunda layihələr həyata keçiriblər. Nazirlik tərəfindən ötən il elan edilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi də başa çatıb. Müsabiqəyə 9 ölkədən 225 esse təqdim olunub. Hazırda müsabiqənin qiymətləndirmə prosesi aparılır və qaliblər bu il elan ediləcək.   Qarabağa Böyük Qayıdış Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Bu monitorinqlərin nəticələri beynəlxalq instansiyalara təqdim olunacaq. Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci il ölkəmizdə mədəniyyət paytaxtımızın 270 illiyi şərəfinə “Şuşa İli” elan edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Mədəniyyət Nazirliyi bir sıra dövlət qurumlarının rəylərini nəzərə almaqla əlamətdar il münasibətilə tədbirlər planı hazırlayacaq. Bildirildi ki, Qarabağımızı mədəniyyətin qaytarılması ötən il diqqətə saxlanılıb, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransı təşkil edilib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə uzun illərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Həmçinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bir neçə konserti dahi bəstəkarın yurdu Şuşada gerçəkləşib. Anar Kərimov bildirdi ki, nazirlik Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb. Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub: “Mədəniyyətin Qarabağa qaytarılması”  layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır”.   Audiovizual və interaktiv media Nazir qeyd etdi ki, ötən il audiovizual və interaktiv media sahəsində görülən işlərin əksəriyyəti Qarabağımızın qurtuluşuna həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz”, “Şuşa, sən azadsan” və “Fulya” filmi “İstimai” TV ilə birlikdə “Görünməyən qəhrəmanlar” 5 hissəli sənədli filmləri bu silsilədəndir: “Ötən il ərsəyə gələn filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb. Qəhrəmanlıq səhifəmizi əks etdirən filmlər üzərində iş davam edir. Qarşıda isə Vətən müharibəsində Zəfər mövzusunda bədii filmin istehsalı nəzərdə tutulur. “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib layihələrinin filmlərinin çəkilişləri bu il də davam edəcək. “Nizami ili” ilə əlaqədar lentə alınan “Sevgi hekayəsi” filminin bu il başa çatdırılması nəzərdə tutulur”. Hesabat məruzəsində eyni zamanda “Azərbaycanfilm”də aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı barədə də söz açıldı.   Yaradıcı sənayelər və rəqəmsal inkişaf Anar Kərimov qeyd etdi ki, nazirlikdə ayrıca Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbə yaradılıb. 2022-ci ildə bu sahə prioritet istiqamətlərdən biri olacaq. Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılması da 2021-ci ilin uğurlarındandır. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi də qarşıda duran vəzifələrdəndir.   Beynəlxalq mədəni əməkdaşlıq Ötən ilin beynəlxalq mədəni əməkdaşlıq mənzərəsinə nəzər salan nazir diqqətə çatdırdı ki, Azərbaycan ilə Gürcüstan arasında “Yaradıcılıqda qırmızı körpü” yaradılıb. İCESCO Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizə də səfər edib. Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə İslam və Türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı İCESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. İSESCO-nun Şuşada regional ofisinin yaradılması təklifi də ötən il müzakirə edilib. Anar Kərimov UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşdıqlarını bildirdi. Ancaq mədəni irsimizin tanıdılması istiqamətində UNESCO ilə əməkdaşlıq davam etməkdədir. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələrin hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğuladı. Dedi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək. Anar Kərimov 2021-ci ildə Türkiyə, Gürcüstan, Özbəkistan, İtaliya və Misirə rəsmi səfər etdiyini də diqqətə çatdırdı.   Media və kommunikasiya Media və kommunikasiya sahəsində həyata keçirilən işlər barədə danışan nazir bildirdi ki, ənənəvi olaraq CNN və “Euronews” kanallarında il ərzində mədəniyyətimizi təbliğ edən çarxlar nümayiş etdirilib. Eləcə də nazirliyin Media və kommunikasiya şöbəsinin reallaşdırdığı “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Səhnədən səngərə: Şəhidlər” və “Səhnədən səngərə: Qazilər” layihələri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Mədəniyyətimin simaları” layihəsi üzrə 56 videoçarx hazırlanaraq təqdim olunub.   *** Sonra nazir Anar Kərimov çıxış üçün sözü Naxçıvan MR mədəniyyət naziri Natəvan Qədimovaya verdi. Nazir 2021-ci ildə NMR-da mədəniyyət və incəsənət sahəsində görülən işlər barədə hesabatı təqdim etdi. *** Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyinin 2021-ci ilə dair hesabatı təsdiq edildi. 2022-ci ilin I yarısı üzrə İş planı müzakirə olundu. Müzakirələrdə Milli Kitabxananın direktoru Kərim Tahirov və Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov öz təkliflərini səsləndirdilər. Çıxışlardan sonra nazir Anar Kərimov İş planına təkrar baxılmasının vacibliyini qeyd etdi. Diqqətə çatdırdı ki, irəli sürülən layihələr real büdcəyə əsaslanmalıdır. Buna görə də şöbələr iş planını yenidən nəzərdən keçirərək təqdim etməlidirlər. Sonda nazir bir daha 2022-ci ildə kollegiya üzvlərinə uğurlar arzulayaraq dedi: “Bu il də fəaliyyət və hədəflərimiz məqsədyönlü olmalı və hər birimiz bunun üçün səmərəli fəaliyyət göstərməliyik. Çalışmalıyıq ki, 2022-ci ildə “Şuşa İli” fəaliyyətimizdə ana xətt kimi özünü göstərsin. Mədəniyyət sahəsində çalışan bütün əməkdaşlara cansağlığı və uğurlar arzulayıram”. ..
18.01.2022 14:57
“Səhnədən səngərə: Qazilər”: Atəş Qarayev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Səhnədən səngərə: Qazilər“ layihəsinin altıncı buraxılışını təqdim edir: Atəş Qarayev Dünyanın ən mötəbər səhnələrini səngər dəyişərək, Vətən müharibəsinə könüllü yollanan Atəş Qarayevin savaşın ən qızğın günlərində də bir arzusu vardı. Şəhidlik zirvəsinə ucala bilməsə, qəhrəman oğullarımızın şücaətindən bəhs edən əsər ifa etsin. Ağır döyüşlərin birində Atəşin dayısı oğlu da canını Vətənə fəda edir. Bu gün Atəş Qarayev sevdiyi sənəti ilə ölkəmizi yenidən təmsil edir. Vətənin azadlığı yolunda çiyin-çiyinə döyüşdüyü şəhidlərin əziz xatirəsini səhnədə də layiqincə yaşadır. ..
18.01.2022 14:46
Filarmoniyada Xalq artisti Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilibMüslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycanın Xalq artisti, bəstəkar, professor Azər Dadaşovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib. Konsert başlamadan öncə Azərbaycan Mədəniyyət Nazirliyinin sektor müdiri Vüqar Hümbətov mədəniyyət naziri Anar Kərimovun təbrik məktubunu oxuyub. Konsertdə Mustafa Mehmandarovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası çıxış edib. Kapellaya Xalq artisti Gülbacı İmanova rəhbərlik edib. Proqramın solistləri beynəlxalq müsabiqələr laureatları, pianoçular Nuranə Zeynalova və Nərgiz Kəngərli, vokalçı Sübhan Rüstəmov olub. Gecədə Azər Dadaşovun bəstələri səsləndirilib. Onların arasında 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsinə həsr olunmuş “Zəfər çələngi” əsəri, ilk dəfə olaraq ümummilli lider Heydər Əliyevə həsr olunmuş “Fortepiano və Kamera Orkestri üçün şeir” səsləndirilib. Həmçinin fortepiano və orkestr üçün 2 nömrəli konsert, “Şuşa” simfoniyası, “Vətənim Azərbaycan” kantatası da ilk dəfə ifa olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Yubiley konsertinin proqramı bəstəkarın yaradıcılıq fəaliyyətinin çoxşaxəliliyini nümayiş etdirib. Qeyd edək ki, Azər Dadaşov 1946-cı il dekabrın 1-də Bakıda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının (indiki – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası) bəstəkarlıq fakültəsini bitirib. O, Papa II İohann Pavelin medalı, MDB Parlamentlərarası Assambleyası Şurasının fəxri döş nişanı laureatıdır. Azər Dadaşov akademik musiqinin bütün janrlarında 150-dən çox musiqi əsərinin müəllifidir. ..
18.01.2022 14:38
Prezident İlham Əliyev xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidənin üzərindəki örtüyü götürdü. Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib. Xalq rəssamı Xanlar Əhmədovu salamlayan Prezident İlham Əliyev dedi: -Çox gözəl abidədir. Xanlar Əhmədov: Çox sağ olun. Prezident İlham Əliyev: Bir çox təkliflər var idi. Xanlar Əhmədov: Bildiyiniz kimi, müsabiqə elan olundu. Prezident İlham Əliyev: Bilirəm, əlbəttə. Xanlar Əhmədov: Bacardığımı etmişəm. Prezident İlham Əliyev: Yox, çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir və oxşatmısınız. Xanlar Əhmədov: Çalışmışam, üstündə çox işləmişəm. Özü də yeri də yaxşıdır, tarixi yerdir. Tarixi İstiqlaliyyət küçəsidir. Prezident İlham Əliyev: Bəli, tarixi yerdir. Tarixi qala divarları. Bakının ən gözəl yerlərindən biridir. Yadımdadır, o vaxt bir neçə yer təklif edilmişdi. Mən buranı seçdim ki, onun abidəsi məhz burada olmalıdır. Xanlar Əhmədov: Möhtəşəm bir yerdir. Xatirə şəkli çəkdirildi. Xanlar Əhmədov: Çox şadam ki, mənim Qarabağdakı “Güllələnmiş heykəllər” əsərimi də ikinci dəfə Siz açdınız. Prezident İlham Əliyev: Bəli, çox gözəl qeyd etdik. Belə işiniz çox olacaq. İndi bizim tarixi şəxsiyyətlərimizin heykəllərinin ucaldılması prosesi davam edir. Xanlar Əhmədov: Biz işləmək üçün həmişə şadıq. Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm. Xanlar Əhmədov: Çox sağ olun, minnətdaram. Prezident İlham Əliyev: Açıq müsabiqədə qalib gəlmisiniz. Bu abidə burada əbədi duracaq. Müəllifin adı burada var? Prezidentin köməkçisi Anar Ələkbərov: Əlbəttə ki var. Həm Azərbaycan dilində, həm də ingilis dilində qeyd etmişik. Müsabiqədə 26 işdən məhz Xanlar müəllimin əsəri seçilib. Prezident İlham Əliyev: Bəli, bilirəm. Çox sağ olun, sizə yeni uğurlar arzulayıram. Xanlar Əhmədov: Çox sağ olun. Sonra dövlətimizin başçısı çıxış etdi. Prezident İlham Əliyevin çıxışı - Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğuna görə insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm. Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir. Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır. Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olmuşdur. İlk dəfə olaraq Qurani-Kərim Azərbaycan dilinə tərcümə edilmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər açılmışdır. Yəni, onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, bütün onun əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi. Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir. Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, Yaşat Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm Yaşat Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük. Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, - mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir. Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. Bir daha əziz xalqımı bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun. ..
17.01.2022 16:54
Narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsinin nəticələri elan olunubAzərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli 1334 nörməli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.30-cu yarımbəndinin icrasını təmin etmək, eləcə də mədəniyyət və incəsənət sahəsində təhsil alan gənclərin yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri audiovizual sahəyə cəlb etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən narkomaniya mövzusunda videoçarx ssenariləri müsabiqəsi keçirilib. Tələbələr arasında keçriilən müsabiqədə ssenarilər 2021-ci il dekabr ayının 1-dən 30-a qədər qəbul olunub. Müsabiqəyə təqdim edilən videoçarx ssenariləri əsasında Münsiflər heyəti aşağıda adları qeyd olunan layihələri qalib olaraq seçib. Yer Qalibin adı Layihənin adı 1-ci yer Murad Şükürlü “Kilid ekranı” 2-ci yer Çinarə Əlişli “Həyat ağacı” 3-cü yer Ziyafət Kazımov “Bir qrossmeysterin hekayəti”   Qaliblər müvafiq olaraq 1500, 1000 və 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaqlar. Qaliblərin mükafatlandırılması mərasiminin fevral ayının ikinci yarısında, Ali təhsil qurumlarında ikinci semestr başladıqdan sonra keçirilməsi nəzərdə tutulur. Müsabiqənin münsiflər heyətinnin sədri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino və televiziya fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev, üzvləri isə ADMİU-nun Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, dramaturq Əli Əmirli, sənətşünas, kino və televiziya redaktoru Nadir Bədəlovdur. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin elan etdiyi digər müsabiqəyə - “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” müsabiqəsinə isə qəbul yanvar ayının 31-ə qədər davam edəcək. ..