Gəncə Dövlət Kamera Orkestrinin Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş konserti keçirilib
3 oktyabr 2021-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş silsilə tədbirlərin davamı olaraq Filarmoniyanın Dövlət Kamera Orkestrinin (bədii rəhbər və baş dirijor, Xalq artisti Rafael Bayramov, konsertmeyster Əməkdar artist Zərinə Allahverdiyeva) konserti şəhər əhalisinə və şəhərin qonaqlarına təqdim olunub.
Konsertin aparıcısı Filarmoniyanın artisti Mirqasım Əliyev Azərbaycanın bütün şəhidlərinin xatirəsinə bir dəqiqəlik sükut elan etdi.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyoru, Xalq artisti, səhnə ustası Alim Məmmədov Nizami Gəncəvi rolunda tamaşaçıları salamladı.
Konsertdə Nizami Gəncəvinin sözlərinə yazılmış mahnı və romanslar, eləcə də xalq mahnıları təqdim edildi.
Musiqi proqramında Respublikanın Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova, solistlər Elmir Pişnazzadə, Vasif Bayramov və Gəncə şəhər T.Hacıyev adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin müəllimlərdən ibarət xor kollektivi çıxış etdilər.
Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov səhnə arxasına gələrək Kamera Orkestrinin kollektivinə və konsertin bütün təşkilatçılarına öz təşəkkürünü bildirib.