Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-cı il üçün müsabiqə elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2017-cı il üçün Mədəniyyət və Turizm Nazirliyi aşağıdakı müəyyən edilmiş tədbirlər üzrə müsabiqə elan edir.
- “İslam Həmrəyliyi İli” çərçivəsində layihələrin hazırlanması
- Bakı 2017 “Formula 1” Qran Prisi və Ticarət (“shopping festival”) festivalları ilə bağlı mədəni tədbirlərin təşkili
- Regionlarda mədəniyyətin daha da inkişafına töhvə verəcək layihələrinin keçirilməsi
“Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2017-ci ilin mart ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.
- Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;
- QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;
- Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;
- Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;
- Tədbirin keçiriləcəyi yer və tarix;
- Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);
- Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.